Azərbaycan mətbəxi həm ləzzətinə görə, həm də əsrlər boyu formalaşmış zəngin ənənələrinə görə dünyanın diqqətini cəlb edir. Mətbəximizin kökləri türkdilli xalqların qastronomik irsinə, İpək Yolunun təsirlərinə və Qafqazın müxtəlif bölgələrinin özünəməxsus mədəni qatlarına söykənir. Məhz buna görə də Azərbaycan mətbəxi canlı mədəniyyət, kollektiv yaddaş və sosial birlik rəmzidir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kulinariya elementlərimiz də bunun ən yaxşı sübutudur.
Bu yazımızda Azərbaycanın UNESCO tərəfindən qorunan 5 kulinariya irsi haqqında danışacaq və hər birinin bizim mədəniyyətimizdə oynadığı rolla daha yaxından tanış olacağıq.
1. Dolma. Süfrə ətrafında birləşdirən irs (2017)
Dolma Azərbaycan mətbəxinin tacı, ailə və qonaqpərvərlik mədəniyyətinin ən ləzzətli simvoludur. Yarpaq, bibər, badımcan, kələm və digər tərəvəzlərlə hazırlanan dolma həm də birlik rituallarının bir parçasıdır. Azərbaycanda dolma hazırlamaq bir növ “kollektiv iş” sayılır. Hazırlanması və xüsusən də bükülməsi bir qədər zaman tələb etdiyindən ailə üzvləri bir araya gəlir, yarpaqlar təmizlənir, içlik hazırlanır, xırda-xırda bükülür və nəticədə böyük bir süfrə qurulur.
UNESCO-nun bu yeməyi qeydə almasının səbəbi də məhz onun sosial bağları möhkəmləndirən mahiyyəti, nəsildən-nəslə ötürülən bişirmə üsulları və milli kimlikdəki yeri ilə bağlıdır. Dolma həm gündəlik süfrənin, həm bayram yeməklərinin, həm də qonaq qarşılamanın ayrılmaz hissəsidir.

2. Lavaş hazırlanması və paylaşılması mədəniyyəti (2016)
Lavaş türk xalqlarının tarixi boyunca formalaşmış ortaq kulinariya irsinin parçasıdır və UNESCO tərəfindən Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanın birgə nominasiya etdiyi çoxmillətli mədəni element kimi qeydə alınıb. Lavaş hazırlanması bir çox ailədə qadınların bir araya gəldiyi, əməkdaşlıq etdiyi və müxtəlif nəsillərin bir arada çalışaraq ənənəni yaşatdığı bir prosesi təmsil edir.
Azərbaycanda lavaş və çörək məhsulları müqəddəs hesab olunur. Onu yerə atmaq günah sayılır, süfrədə mütləq çörək olur, çörək bərəkətin rəmzidir. Xəmirin yoğurulması, kündənin yayılması, təndirə yapışdırılması, sac üzərində bişirilməsi və bişmiş çörəyin birgə paylaşılması bu mədəniyyəti daha da qiymətli edir. Bu proses icma həyatının və ailə bağlarının canlı təzahürüdür.

3. Azərbaycan çay mədəniyyəti. Qonaqpərvərliyin rəmzi (2022)
Azərbaycan çayı sosial münasibətlərin açarı, söhbətin başlanğıcı və qonaqpərvərliyin əsas göstəricisidir. Armudu stəkanda verilən çay, yanında mürəbbə ilə birlikdə ölkəmizin ən tanınan mədəni rituallarından biridir. Azərbaycanda hər bölgənin çay dəmləmək üçün öz qaydaları var. Samovar çayı, dəmir çaydanda dəmlənmiş çay, süzgəcli çay, dağ çayı və s fərqli üsullarla dəmlənilir.
UNESCO çay mədəniyyətini ona görə siyahıya salıb ki, bu ənənə xalqımızın sosial əlaqələrini gücləndirir, qonaqpərvərliyi təşviq edir və mədəniyyətin nəsillər boyu yaşamasına kömək edir. Azərbaycan çay mədəniyyəti həm də regionun unikal simvoludur və turistləri özünə cəlb edən əsas təcrübələrdən biridir.

4. Nar mədəniyyəti. Mifik meyvədən milli irsə (2020)
Nar Azərbaycan üçün bərəkət, bolluq və həyat rəmzidir. Qədim dövrlərdən bəri xalq arasında narın xüsusiyyətlərinə xüsusi önəm verilib. Hazırda UNESCO tərəfindən qorunan nar mədəniyyəti bu meyvənin yetişdirilməsi ilə yanaşı, onunla bağlı festivalları, narın yeməklərdə istifadəsini və mədəni simvolikasını da əhatə edir.
Narşərab, nar salatları, narla bişirilən ləvəngi və digər yeməklərin dünya səviyyəsində tanınması da bu irsin əhəmiyyətini artırır. Xüsusilə Göyçayda keçirilən Nar Festivalı həm yerli, həm də xarici turistlər üçün böyük maraq doğurur.

5. Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulu (2024)
2024-cü ildə UNESCO tərəfindən qeydə alınmış bu nominasiya Azərbaycan mətbəxinin ən qədim və özünəməxsus sahələrindən birini – təndir çörəyi bişirmə ənənəsini – beynəlxalq səviyyəyə daşıyıb. Təndir həm çörək bişirilən yer, həm də içtimai məkan kimi xüsusi dəyər daşıyır. Bir çox kəndlərdə təndir evləri sosial həyatın mərkəzi sayılır.
Təndir çörəyi bişirilməsi həm sənətkarlıq, həm də ritualdır. Təndirin hazırlanması, qızdırılması, xəmirin ehtiyatla divara yapışdırılması və çörəyin bişməsi qədim biliklərə əsaslanır və nəsillər boyunca həmin biliklər dəyişmədən qorunub. Bu proses həm fiziki əmək tələb edir, həm də mədəniyyətin yaşaması üçün vacib olan icma əməkdaşlığı modelini əks etdirir. Təndir çörəyinin özünəməxsus qoxusu və dadı da bu ənənəni turistlər üçün unudulmaz təcrübəyə çevirir.

Bəs siz Azərbaycan mətbəxinin bu nadir irsini yerindəcə kəşf etmək istəyərdiniz? O zaman turizm bələdçilərimizlə əlaqə saxlayın, sizin üçün ən ləzzətli və ənənəvi qastronomiya marşrutunuzu birgə hazırlayaq!
SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: 2026-cı il üçün səyahət hədəfləri | Yeni il üçün planlaşdırma bələdçisi

