2026-cı ildə vizasız səyahət etmək istəyənlər üçün səyahətin növlərini nəzərə alaraq sizə 5 ən yaxşı ölkəni təqdim edirik.
Türkiyə
Azərbaycan vətəndaşları üçün ən rahat və əlçatan turizm mərkəzləri sırasında birinci yerdə dayanır. Yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət etmək və 90 günədək vizasız qalmaq imkanı ölkəni həm qısa, həm də uzunmüddətli istirahət üçün ideal edir. Bu üstünlük sayəsində vətəndaşlarımız çox qısa müddətdə səyahət planı qura, münasib qiymətə aviabilet əldə edə və təhlükəsiz, asan bir şəkildə Türkiyəyə yola düşə bilərlər.
Türkiyə turizm marşurutları baxımından olduqca rəngarəngdir. İstanbul həm tarixi, həm də müasir şəhər həyatı ilə turistləri heyran edir. Ayasofya, Sultanahmet məscidi, Topqapı sarayı, Qalata qülləsi və Bosfor boğazı boyunca təşkil olunan gəmi turları şəhərin ən çox seçilən fəaliyyətləri arasındadır. İstanbulda yerləşən qədim bazarlar, xüsusən Böyük Bazar və Misir bazarları alış-veriş həvəskarları üçün unudulmaz təcrübə yaşadır. Antalya bölgəsi özünün qumlu çimərlikləri, beşulduzlu hotelləri, əyləncə parkları və gecə həyatı ilə yay turizminin mərkəzidir. Kapadokya fəqli turizm yaşamaq istəyənlər üçün mükəmməl seçimdir. Qaya evləri, yeraltı şəhərləri və hava şarları ilə turistlərin ən çox səyahət etmək istədikləri məkanlardandır. Egey bölgəsi – İzmir, Efes, Kuşadası, Bodrum və Çeşmə – tarixi irs, müasir kurortlar və sakit istirahəti bir araya gətirir.
Birləşmiş Ərəb Əmirlikləri
Azərbaycan vətəndaşları üçün 90 günədək vizasız giriş imkanı sayəsində ölkə həm lüks istirahət, həm ailəvi səyahət, həm də alış-veriş turizmi baxımından ən cəlbedici istiqamətlərdən biri hesab olunur. BƏƏ dünyanın ən müasir turizm infrastrukturlarından birinə malikdir və hər il milyonlarla turistin diqqətini özünə çəkir.
Ən məşhur turizm mərkəzləri arasında Dubayın adı çəkilir. Dubay özününün futuristik şəhər görüntüsü, qülləvari göydələnləri, nəhəng ticarət mərkəzləri və yaratdığı süni adalarla dünyanın ən tanınmış səyahət paytaxtlarından biridir. Dünyanın ən hündür binası olan Burj Khalifa, nəhəng alış-veriş və əyləncə kompleksi Dubai Mall, insan əli ilə yaradılmış Palm Jumeriah adası, həmçinin işıqlı göydələnləri ilə məşhur Dubai Marina turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır. Dubayda səfərlərin ən ayrılmaz hissələrindən biri Qum səhrası turlarıdır. Səhrada jeep safari, dəvə gəzmə, qum üzərində sürüşmə və gün batımı mənzərələri şəhərin müasir siluetini təbiətlə birləşdirən unikal turizm təcrübəsi yaradır.
Daha sakit və klassik ərəb atmosferi yaşamaq istəyənlər üçün Əbu-Dabi ideal seçimdir. Hər il milyonlarla turist möhtəşəm memarlıq nümunəsi olan Şeyx Zayed Məscidini, Louvre Abu Dhabi muzeyini və əyləncə sevənlərin sevimli ünvanı sayılan Yas İsland-dakı Ferrari World əyləncə parkını ziyarət edirlər.
Qətər
Aəzrbaycan vətəndaşları üçün 30 günlük vizasız səyahət imkanı təqdim edən Qətər son illərdə sürətlə inkişaf edən turizm mərkəzlərindən birinə çevrilib. Lüks turizm növü, təklif olunan yüksək keyfiyyətli alış-veriş imkanları, eyni zamanda keçirilən beynəlxalq idman yarışları baxımından xüsusilə tanınır. Turistlər ən çox Corniche sahil xətti boyunca uzanan dəniz mənzərəsinə, Souq Waqif bazarı – Qətərin ənənəvi bazar mədəniyyəti, incəsənət sərgilərininin, musiqi festivallarının keçirildiyi – Katara Cultural Village bölgəsinə, Qətər Milli Muzeyinə ziyarət edirlər. FİFA Dünya Kubokunun ölkədə uğurlu təşkili buranın idman turizm mərkəzinə çevrilməsində böyük rol oynadı və Qətərin idman turizm mərkəzi kimi formalaşmasını stimullaşdırdı.
Albaniya
Avropaya vizasız səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əlçatan, sərfəli və rahat turizm istiqamətlərindən biridir. 90 günlük vizasız qalmaq hüququ və qiymətlərin münasib olması səbəbindən Albaniya xüsusilə yay mövsümündə turistlərin diqqətini cəlb edir. Ölkənin Adriatik və İon dənizləri ilə əhatələnməsi burada çimərlik turizminin sürətlə inkişaf etməsinə şərait yaradıb.
Kurort məkanları arasında Ksamil, Saranda, Himara və Vlora xüsusilə fərqlənir. Ksamilin tropik görüntünü xatırladan adacıqları, Sarandanın canlı gecə həyatı, Himaranın sakit sahil xətti və Vloranın həm istirahət, həm də tarixlə zəngin şəhər atmosferi turistlər üçün müxtəlif seçimlər yaradır. Albaniya yalnız dəniz turizmi ilə deyil, həm də tarixi irsi ilə diqqət çəkir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Berat, Girokaster və Butrint arxeoloji kompleksi qədim şəhər memarlığını, orta əsrlərə aid tikililəri və antik dövrün izlərini özündə birləşdirən əsl açıq səma muzeyinə çevrilib.Eyni zamanda ölkədə qastronomiya turizmi də inkişaf edir. Aralıq dənizi mətbəxinin təsiri ilə formalaşan alban yeməkləri – təzə balıq növləri, zeytun yağı ilə hazırlanan isti-soyuq qəlyanaltılar, eləcə də yerli şərab növləri – turistlərə yeni dad təcrübələri yaşadır.
Gürcüstan
Qonşu dövlətlər arasında yerləşən Gürcüstan Azərbaycan vətəndaşları üçün ən əlçatan və ən rahat vizasız səyahət istiqamətlərindən biridir. Yalnız şəxsiyyət vəsiqəsilə ölkədə 90 günədək qalmaq hüququ , xüsusilə qısa məsafədə komfortlu səyahət planlaşdırmaq istəyən turistlər üçün böyük üstünlük yaradır.
Ölkənin paytaxtı Tbilisi qədim və müasir mədəniyyətin harmoniyasını özündə birləşdirir. Dar küçələri, tarixi evləri və rəngarəng balkonları ilə seçilən Köhnə Tbilisi, şəhərin ən çox ziyarət edilən məkanlarından biridir. Burada Narikala qalası, əsrlər boyu müalicəvi xüsusiyyətləri ilə tanınan Kükürdlü hamamlar, eləcə də Gürcüstanın mədəniyyət mərkəzlərindən biri olan Rustaveli prospekti turistlərin daim axın etdiyi ərazilərdəndir.
Təbiət turizmini sevənlər üçün Gürcüstan əsl cənnətdir. Qazbeqi bölgəsi qarlı dağları, çay vadiləri və məşhur Qergeti Üç Üqnum kilsəsi ilə sosial şəbəkələrdə ən çox çəkilən mənzərələrdən birini yaradır. Gudauri qış idman növləri üçün ideal məkandır, Svaneti isə orta əsrlərə aid müdafiə qüllələri və qəribə dağ kəndləri ilə turistlərin diqqətini cəlb edir. Bu bölgədə yerləşən Uşquli kəndi UNESCO irsinə daxil edilməsi ilə də tanınır və Qafqaz dağlarının ən möhtəşəm görüntülərindən birini təqdim edir.
Qara dəniz sahillərinə üz tutmaq istəyənlər üçün Batumi ideal seçimdir. Burada müasir bulvar, botanika bağı, dənizkənarı əyləncə məkanları və unikal memarlıq nümunələri turistlərin sevimli dayanacaqlarındandır.
Beləliklə,
maraq dairənizi əhatə edən ən uyğun turizm növünü seçərək vizasız səyahət imkanı təqdim edən bu beş ölkəni rahatlıqla dəyərləndirə bilərsiniz. İstər dəniz və çimərlik istirahəti, istər tarixi-mədəni turlar, istər qastronomiya və alış-veriş təcrübələri, istərsə də dağ və təbiət marşrutları olsun. Albaniya, Gürcüstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qətər sizin üçün fərqli və zəngin turizm imkanları təklif edir. Hər bir ölkə özünəməxsus mədəniyyəti, mətbəxi, təbiəti və turist infrastrukturu ilə seçildiyi üçün səyahət planınızı şəxsi zövqünüzə uyğun şəkildə asanlıqla formalaşdıra bilərsiniz.
Səyahət qərarı verməkdə çətinlik çəkirsinizsə və ya sizin üçün daha uyğun marşrut seçilməsini istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Mütəxəssis komandamız sizin büdcənizə, maraqlarınıza, istirahət müddətinizə və səyahət tərzinizə uyğun ən optimal istiqamətləri təklif edəcək. Sizə detallı marşrut planı hazırlanmasında və bütün suallarınızda dəstək göstərəcəklər.

